İran rəsmiləri Cənubi Koreyaya qarşı sərt bəyanatla çıxış edərək Seulu xəbərdar ediblər.

Tehran bildirib ki, Cənubi Koreya ABŞ-nin rəhbərlik etdiyi hərbi fəaliyyətlərə dəstək verəcəyi təqdirdə, bu addım İrana qarşı müharibədə birbaşa iştirak kimi qiymətləndiriləcək.

DuzXeber.az xəbər verir ki, yerli mətbuata açıqlama verən iranlı rəsmi bu barədə məlumat yayıb: “ABŞ-nin hərbi əməliyyatlarına istənilən formada qoşulmaq İrana qarşı aparılan müharibədə birbaşa iştirak deməkdir”.

Bu sərt xəbərdarlıq Vaşinqtonun Cənubi Koreyaya Hörmüz boğazında dəstək göstərməsi ilə bağlı təzyiqlərini artırdığı bir vaxta təsadüf edir. ABŞ prezidenti Donald Trampın həftələrdir davam edən təzyiqlərinin ardından Cənubi Koreya hökumətinin strateji əhəmiyyət daşıyan Hörmüz boğazına dəniz dəstək gəmisi və patrul təyyarəsi göndərilməsi ehtimalını nəzərdən keçirdiyi bildirilir. Məlumata görə, mümkün missiya çərçivəsində təxminən 150 nəfərlik şəxsi heyətin bölgəyə göndərilməsi planlaşdırılır.

Seul daha əvvəl Vaşinqtonun bu istiqamətdəki çağırışlarına ehtiyatlı yanaşırdı. Lakin ABŞ-nin Cənubi Koreyaya verdiyi təhlükəsizlik təminatları ilə bağlı artan narahatlıqların hökumətin mövqeyində dəyişiklik yaratdığı və Seulun bu məsələdə geri addım atmağa başladığı iddia edilir.

Məsələ ilə bağlı parlament təsdiqinin ay ərzində gündəmə gətirilə biləcəyi bildirilsə də, Cənubi Koreya Prezident Administrasiyası hələlik belə bir qərarın qəbul edilmədiyini və yekun mövqenin hələ müəyyənləşmədiyini açıqlayıb.//Sara

Paylaş